SİYASƏT
ABŞ AZƏRBAYCANLA HƏRBİ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRMƏYƏ HAZIRDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, S.Əbiyev ABŞ Silahlı Qüvvələrinin nümayəndə heyətinin ölkəmizə gəlməsindən məmnunluğunu söyləmiş və belə səfərlərin Azərbaycanın NATO və ABŞ ilə əməkdaşlığının daha da sıxlaşmasına şərait yaratdığını vurğulamışdır.
Kontr-admiral Robin Qudvin səmimi qəbul üçün təşəkkür etmiş, Bakıya ilk dəfə gəldiyini söyləmişdir. O demişdir ki, Azərbaycanın qlobal terrorizmə qarşı mübarizə proqramlarında, xüsusilə İraqdakı əməliyyatlarda iştirakına görə onun dövlət rəhbərliyinə minnətdarıq. ABŞ rəhbərliyi Azərbaycanın bu xeyirxah işlərindən yaxşı xəbərdardır. Buna görə də mən Qafqaz regionunda ilk səfərimi Azərbaycana etmişəm. Səfərin məqsədi Amerika-Azərbaycan və NATO-Azərbaycan əməkdaşlığının davamlılığını təmin etməkdir.
Sonra tərəflər Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi aparmış, Cənubi Qafqaz regionunda kütləvi qırğın silahlarının və narkotiklərin yayılmasına qarşı mübarizə proqramında birgə fəaliyyətin davam etdirilməsini təqdir etmişlər.
General-polkovnik Səfər Əbiyev demişdir ki, bu proqramlar Azərbaycan dövlətinin ümummilli təhlükəsizlik platformasına uyğun olduğuna görə bizi qane edir. Biz bu istiqamətdə ABŞ və NATO ilə əlaqələrimizi davam etdirməyə həmişə hazırıq.
Kontr-admiral Robin Qudvin vurğulamışdır ki, biz beynəlxalq terrorizmə qarşı mübarizədə sizin ölkəniz qarşısında müəyyən öhdəliklər götürmüşük və bu öhdəlikləri yerinə yetirmək üçün əməkdaşlığımızın inkişafına tərəfdarıq.
Azərbaycanın müdafiə naziri qonaqları regiondakı hərbi-siyasi vəziyyətlə tanış etmiş, onları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın respublikamızdakı hərbi attaşesi, polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.