ABŞ-A QİDA VƏ YEM MƏHSULLARI IDXALÇILARI ƏVVƏLCƏDƏN GÖMRÜK ORQANLARINA XƏBƏRDARLIQ EDƏCƏKLƏR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, ABŞ-ın Vətən Təhlükəsizliyi Departamentinin yaydığı məlumata görə, iyunun 4-dən başlayaraq Birləşmiş Ştatlara idxal edilən bütun qida və yem məhsulları daha ciddi nəzarətdən keçiriləcəkdir.
Yeni qaydalara uyğun olaraq, idxalçılar yük maşınları ilə gətirilən məhsullar barədə ölkəyə daxil olmazdan iki saat əvvəl ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsinə, həmçinin Qida və Dərman Administrasiyasına müvafiq xəbərdarlıq verməlidirlər. Dəmir yolu və hava ilə gətirilən mallar haqqında dörd saat, dənizlə xaricdən gələn qida məhsulları barədə isə səkkiz saat əvvəl məlumat çatdırılmalıdır. Beləliklə, idxalı əvvəldən məlum olmayan qida və yem məhsulları ABŞ ərazisinə buraxılmayacaqdır.
Amerika hökumətinin qərarı 2003-cü ildə qəbul olunan bioterrorizm haqqında qanuna uyğun olaraq həyata keçirilir. Gömrük və Sərhəd Mühafizəsi xidmətinin nümayəndəsi Robert Bonner bununla Bioterrorizm Aktnını 3-cü mərhələsinin başlandığını deyərək bildirmişdir ki, məqsəd idxal edilən qida və yem məhsulları vasitəsilə yayıla bilən bio- və aqro-terrorizmin qarşısını almaqdır.
ABŞ-ın Qida və Dərman Administrasiyası bütün xarici hökumətlərə, yerli və əcnəbi istehsal təmsilçilərinə yeni qaydalar haqqında xəbər vermişdir.
Xəbərin mətnində orfoqrafik səhv var