DÜNYA
ABŞ Ədliyyə Nazirliyi insan alverinə qarşı mübarizə üçün 101 milyon dollar məbləğində qrant ayrıldığını elan edib
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
Bazar ertəsi ABŞ Ədliyyə Nazirliyi insan alverinə qarşı mübarizə üçün federal qrantlar şəklində 101 milyon dollar ayrıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, ABŞ baş prokuroru Uilyam Barr bu qrantlar haqqında Atlantada Prezident Donald Trampın qızı və müşaviri İvanka Trampın iştirakı ilə keçirilən tədbir zamanı Ədliyyə Nazirliyi yanında Ədalət Mühakiməsi Proqramları İdarəsi vasitəsilə açıqlama verib.
Barr və İvanka Tramp federal hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, Corciya ştatındakı Uşaqları Müdafiə Mərkəzində olublar.
Barr deyib: “Biz dövlət və yerli hüquq-mühafizə orqanları ilə, həmçinin insan alveri qurbanlarına xidmətlər göstərən təşkilatlarla işimizi, cinayətkarların məsuliyyətə cəlb olunmasını, sağ qalanlara yardım göstərilməsini davam etdirəcəyik”.
İvanka Tramp avqust ayında keçirilmiş “Onlar unudulmayıb” adlı iki həftəlik xüsusi əməliyyatın nəticələrini yüksək qiymətləndirərək vurğulayıb ki, həmin əməliyyatın gedişində ABŞ Marşallar Xidməti Corciya ştatında itkin düşmüş 39 uşağı tapıb, 9 cinayətkarı həbs edib.
AZƏRTAC-ın Vaşinqton bürosu