SİYASƏT


ABŞ Azərbaycanlıları Şəbəkəsi Ağdamın işğalının 25-ci ildönümü ilə bağlı kampaniya keçirir

Vaşinqton, 22 iyul, AZƏRTAC

ABŞ Azərbaycanlıları Şəbəkəsi 1993-cü il iyulun 23-də Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə amerikan ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb. Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.

Məktublarda Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının işğalı faktı, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamlar qeyd olunub, statistik rəqəmlər göstərilib. Məktub müəllifləri BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) və həmin tələbləri ehtiva edən BMT Baş Assambleyasının A/62/L.42 qətnaməsinə rəsmi Yerevan tərəfindən tam etinasızlıq göstərildiyini qeyd ediblər.

Azərbaycan diasporunun üzvləri ABŞ hökumətini Ermənistanın işğalçı qoşunlarının suveren Azərbaycanın ərazilərindən çıxarılmasına dair beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına şərait yaradılması məsələlərində Yerevana təzyiq göstərməyə çağırırlar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.