DÜNYA
ABŞ BEN-LADENI GECƏ-GÜNDÜZ PUSACAQDIR
AZƏRTAC-ın “Novosti” agentliyindən aldığı xəbərə görə, ABŞ “Əl-Qaidə”nin başçısı Üsəma Ben Ladenin ola biləcəyi Əfqanıstan-Pakistan sərhədindəki bölgə ətrafında dairəni daha da sıxlaşdırır. Axtarış qüvvələri xüsusi elektron və texniki kəşfiyyat vasitələrindən istifadə edərək, terrorçunu gecə-gündüz “pusacaqlar”.
ABŞ Ben Ladenin aşkar edilməsi üçün U-2 casus təyyarələrindən, pilotsuz “Predator” uçuş aparatlarından və bir çox başqa vasitələrdən istifadə edəcəkdir. Əfqanıstan-Pakistan sərhəd bölgəsindəki dağ aşırımlarında yerdən idarə olunan sensor-ötürücülərin yerləşdirilməsi də istisna olunmur. Onların vasitəsilə hər hansı nəqliyyat növünün hərəkətini məsafədən aşkar etmək mümkündür. Bütün bu texnikanın köməyi ilə alınmış operativ informasiya sonradan kosmik peyklər vasitəsilə təhlil olunacaqdır.
Bəzi məlumatlara görə, Amerika hərbçiləri artıq regionda peyk rabitəsi kanalları üçün lazımi qədər avadanlıq almışlar.