DÜNYA
ABŞ Cənubi Koreyaya “Chinook” helikopterləri sata bilər
Bakı, 7 dekabr, AZƏRTAC
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya “CH-47F Chinook” helikopterlərinin və müxtəlif avadanlığın ümumilikdə 1,5 milyard dollara mümkün satışını təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. Agentlik hökumətlərarası müqavilələr üzrə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Məlumatda qeyd olunur ki, Seul daha əvvəl bu helikopterlərdən 18-ni, onlar üçün ehtiyat hissə, silah və müxtəlif sistemləri almaq istədiyini bildirib. Təklif edilən satış xarici siyasət və milli təhlükəsizlik sahələrində ABŞ-ın məqsədlərinə uyğun olacaq. Çünki bu, Asiya-Sakit okean regionunda siyasi sabitliyə və iqtisadi inkişafa təsir göstərməklə mühüm rol oynayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Pentaqonda hesab edirlər ki, Seul bu helikopterlərdən birgə əməliyyatların keçirilməsində istifadə edə bilər.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 30 günü var.