SİYASƏT
ABŞ-DAKI AZƏRBAYCAN VƏ YƏHUDİ İCMALARI ÇOX VAXT EYNİ MÖVQEDƏN ÇIXIŞ EDİRLƏR
ABŞ-dakı keçmiş SSRİ Yəhudiləri Assosiasiyasının prezidenti Yuri Zilberman AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu ölkədəki azərbaycanlı və yəhudi icmaları arasında çox sıx dostluq əlaqələri vardır. Hər iki icmanın nümayəndələri bir sıra mühüm məsələlərdə eyni mövqedən çıxış edirlər. Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri ilə bu barədə razılaşmamız vardır. Mənim və yoldaşlarımın Dünya azərbaycanlılarının II qurultayında iştirakımız yaxın dostluğumuza bariz nümunədir. Biz bu qonaqpərvərliyi unutmayacaq və bundan sonra daha yaxın olacağıq. Tomris xanımın dəvəti ilə assosiasiyamızın üzvləri azərbaycanlıların 20 Yanvar, 26 fevral – Xocalı faciələri ilə bağlı aksiyalarında, eləcə də bayram tədbirlərində və əlamətdar günlərdə fəal iştirak ediblər. Azərbaycan xalqının problemlərini yaxşı başa düşürük. Bu səbəbdən 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar keçiriləcək tədbirlərədə də iştirak edəcəyik.