SİYASƏT
ABŞ-DAKI HƏMVƏTƏNLƏRİMİZ NOVRUZ BAYRAMINI QEYD ETMİŞLƏR
Xalqımızın əziz bayramı olan Novruzu Birləşmiş Ştatlarda yaşayan həmvətənlərimiz də qeyd etmişlər.
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə Birləşmiş Ştatların paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz toplaşmışdılar. Məclis iştirakçıları biri-birlərinə və bütün Azərbaycan xalqına yeni ildə sülh və əmin-amanlıq, gələn Novruzu ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda qarşılamağı arzuladılar. Bayramın qonağı xalq musiqimizin pərəstişkarı, amerikalı Jefri Verbok muğam və təsniflərin ifası ilə şənliyə xüsusi ovqat bəxş etdi. Novruz bayramını qeyd etməyə Vaşinqtondakı diplomatik korpusun, Dövlət Departamentinin nümayəndələri də gəlmişdilər.
Daha bir bayram şənliyi Nyu-York şəhərində keçirlmişdir. Həmvətənlərimiz Novruz bayramını Nyu-Yorkun «Bakı Sarayı» restoranında milli mətbəximizdən ibarət bayram süfrəsi arxasında qeyd etmişlər. Amerikanın Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmiş bu tədbirdə Nyu-York, Nyu-Jersi, Pensilvaniya, Virciniya, Merilend və digər ştatlarda yaşayan iki yüzə yaxın həmvətənimiz iştirak etmişdir. Qonaqları salamlayan cəmiyyətin prezidenti Tomris Azəri xalqımızın ən gözəl bayramlarından biri Novruza xas olan adət-ənənələrdən söz açmışdır. Tədbirdə Bakı haqqında film də nümayiş etdirilmişdir. Filmin musiqi sədalarına iştirakçılar da səs verərək, birlikdə oxuduqları “Bakı” mahnısı ilə uzaq Vətəni ürək döyüntüsü ilə xatırlamışlar. Bayram məclisində iştirak edənlər dövlətimizin başçısı Heydər Əliyevə apardığı uğurlu siyasətə görə təşəkkürünü bildirmişlər, onun Azərbaycanın tərəqqisi naminə səylərini yüksək qiymətləndirmişlər. Şənlikdə ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev, BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və iştirak etmişlər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri