DÜNYA
ABŞ-DA ƏN YÜKSƏK MAAŞLI MÜTƏXƏSSİSLƏR CƏRRAHLARDIR
Bakı, 18 may (AZƏRTAC). “Forbes” jurnalının versiyasına görə, ABŞ-da cərrahlar artıq iki ildir ən yüksək maaşlı mütəxəssislər sayılırlar. Böhran ilində onların illik gəliri nəinki azalmamış, hətta, orta hesabla, 206,77 min dollardan 219,77 min dollaradək artmışdır.
Yüksək əmək haqqı siyahısında növbəti yerləri də həkimlər – anestezioloqlar, stomatoloq-cərrahlar, ortodontlar, mama-ginekoloqlar, daxili orqanların xəstəlikləri üzrə həkimlər, terapervtlər, ailə həkimləri, psixoterapevtlər tuturlar.
İlk onluğa yalnız icraçı direktorlar daxil ola bilmişlər. İllik gəliri 167 min dollardan çox olan bu peşə sahibləri 9-cu yerdədirlər.
Piramidanın ən aşağı pilləsində fəsfud işçiləri dururlar. Onların illik gəliri 18,12 min dollardır.
Əmək Nazirliyinin məlumatına görə, ABŞ-da bir saatı təxminən 106 dollara işləyən 45 mindən çox cərrah vardır. Təxminən 3 milyon insan isə saatı 8,71 dollara fəsfudlarda və qəlyanaltıxanalarda çalışır.