DÜNYA
ABŞ-DA SEÇKİQABAĞI REKLAM XƏRCLƏRİ REKORD VURMUŞDUR
Namizədlərin mənafelərini təmsil edən müxtəlif təşkilatlar seçkiqabağı reklam kampaniyasına 28 milyon dollar qoymuşlar. Seçkilərə hələ yarım il qalsa da, prezident vəzifəsi uğrunda mübarizə ən yüksək mərhələyə çatmışdır. Namizədlər bir-birini ləkələməkdən çəkinmirlər.
Demokratlar Ağ evin hazırkı başçısını İraq kampaniyasında günahlandırırlar. Respublikaçılar isə C.Kerrini və onun komandasını terrorizm probleminə qeyri-ciddi yanaşmaqda təqsirləndirir və bu komandanın amerikalıların təhlükəsizliyini təmin edə bilməyəcəyini deyirlər. Bundan əlavə, C.Buş bildirir ki, onun rəqibi prezident seçilərsə, təklif etdiyi büdcəni əsaslandıra bilməyəcəkdir.
Söhbət demokratların namizədinin səhiyyə sahəsində büdcə planının yerinə yetirilməsindən gedir. Buşun sözlərinə görə, C.Kerri vədinə əməl edərsə, bu, vergilərin 900 milyard dollar artmasına səbəb olar.
Sosioloji təşkilatlar amerikalıların kimə səs verəcəyini aydınlaşdırmağa çalışırlar. Son sorğuların nəticələrinə görə, seçici səsləri uğrunda daha gərgin mübarizə gedəcəyi gözlənilən iki ştatda Con Kerri liderdir. Minnesota ştatında o, C.Buşu 12 faiz qabaqlayır. Bu ştatda seçicilərin təxminən 50 faizi Demokratlar Partiyasının namizədinə, 38 faizi C.Buşa səs verəcəkdir. Müstəqil namizəd Ralf Heyderi isə seçicilərin cəmi 2 faizi dəstəkləyəcəkdir.
Miçiqan ştatında C.Kerri 44 faizlə liderdir. Seçicilərin 43 faizi isə respublikaçı C.Buşa səs verməyə hazırdır.