SİYASƏT


ABŞ-DA YAŞAYAN AZƏRBAYCANLILAR PREZİDENT CORC BUŞA MƏKTUB GÖNDƏRMİŞLƏR

11 sentyabr dəhşətli terror aktlarının ildönümündə ABŞ-da yaşayan azərbaycanlılar Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşa məktub göndərmişlər.

Amerika-Azərbaycan cəmiyyətinin prezidenti Tomris Azərinin imzaladığı məktubda deyilir ki, Azərbaycan mənşəli amerikalılar ümumi düşmənə qarşı mübarizədə həmrəylik və dəstək göstərəcək, azadlıqları təmin edən ABŞ-da onların dinlərinə etimad bəslənməsi üçün bütün əsasların olduğunu sübut edəcəklər. Çünki bir il bundan əvvəl, faciəli 11 sentyabr hadisələrindən sonra artan antimüsəlman əhval-ruhiyyəsi bizi ağrıdırdı.

Məktubda bildirilir ki, amerikalıların bir çoxunun sülhpərvər islam dini haqqında məlumatı yoxdur. Məhz kifayət qədər məlumat olmadığına görədir ki, Amerika Konqresi Azərbaycana qarşı ədalətsiz qanun qəbul etmişdir. Lakin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün Azərbaycan Prezidenti Heydər Əliyevdən qeyd-şərtsiz dəstək görən Prezident Buş bu qanunun qüvvəsini dayandırdı. Amerika azərbaycanlıları bununla fəxr etdiklərini bildirərək, ABŞ Prezidentinə minnətdarlıqlarını yetiriblər.

Soydaşlarımız daha sonra yazırlar ki, faciənin ildönümündə biz bütün günahsız qurbanların ruhuna və onların ailələrinə, habelə beynəlxalq terrorizmlə mübarizənin sona çatması üçün dua edirik.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.