SİYASƏT
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINA DAİR STRATEJİ PLAN HAZIRLANMASINA QRANT AYIRMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu barədə müvafiq sazişi aprelin 28-də gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş imzalamışlar. İmzalanma mərasimindən əvvəl çıxış edən Əbülfəz Qarayev bildirmişdir ki, belə əhatəli sənədin hazırlanması ölkənin turizm sahəsinə vəsait ayırmaq arzusunda olan xarici sərmayədarlar üçün əhəmiyyətli stimul olacaqdır. Nazir ölkənin turizm imkanlarından danışaraq xatırlatmışdır ki, hələ SSRİ dövründə Azərbaycan ittifaq əhəmiyyətli sağlamlıq və istirahət zonası kimi tanınmışdı.
Səfir Rino Harniş çıxışında demişdir ki, ABŞ Azərbaycanın ardıcıl iqtisadi inkişafına və burada yoxsulluğun səviyyəsinin azalmasına maraq göstərir. Onun sözlərinə görə, turizm sahəsinin inkişafı çoxlu iş yeri açılmasına kömək edəcəkdir. Qrant ayrılması barədə qəti qərar qəbul edilməzdən əvvəl ABŞ ekspertləri Azərbaycana gəlmiş və nadir təbiəti olan bu ölkədə turizmin inkişafı imkanlarını hərtərəfli öyrənmişlər.
Yaxın günlərdə agentliyin saytında yalnız ABŞ şirkətlərinin iştirak edə biləcəyi müsabiqə haqqında məlumat yerləşdiriləcəkdir. Müsabiqənin qalibi nazirliyin və agentliyin qarşılıqlı razılığı əsasında müəyyən olunacaqdır. Azərbaycan tərəfi 2005-ci ilin sonunadək başa çatdırılacaq strateji planın hazırlanmasında ekspert qismində iştirak edəcəkdir.