SİYASƏT
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİ MÜHACİRLƏRİNİN MƏSKUNLAŞDIĞINI BİLDİRİR
Etibarlı məlumatlara görə, Yaxın Şərqdən və digər bölgələrdən gələn erməni mühacirləri Dağlıq Qarabağda və Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş digər ərazilərində məskunlaşıblar. AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, bu faktı ABŞ Dövlət Departamenti martın 31-də rəsmi sənədində - dünyada insan hüquqlarının qorunmasına dair növbəti hesabatında açıqlamışdır. Hesabatda deyilir ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlamağa davam edir. ABŞ-ın rəsmi mövqeyinə görə, bu fakt Azərbaycanın dövlət qurumlarının işinə, demokratik və iqtisadi inkişafa zərbə vurur. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi hesabatda insan haqlarının pozulması faktı kimi göstərilir.
Ölkəmizdə ötən il insan haqları ilə bağlı vəziyyət təhlil edilərkən hesabatda deyilir ki, hökumət bazar iqtisadiyyatının inkişafına sadiq qalır. Lakin iqtisadi islahatların sürəti yavaş olduğundan qeyri-neft sektorunun inkişafı məhdudlaşır. Bakıda varlı təbəqə artaraq, yoxsulluğun ümumi səviyyəsini aşağı salmışdır. Buna baxmayaraq, əhalinin xeyli hissəsi yoxsulluq səviyyəsində yaşayır.
Şəfəq Akifqızı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton