SİYASƏT
ABŞ DÖVLƏT DEPARTAMENTİ ÖLKƏ ƏRAZİSİNDƏN VİZASIZ TRANZİT PROQRAMININ QÜVVƏSİNİ DAYANDIRMIŞDIR
Məlumatda deyilir ki, kəşfiyyatın xəbərdarlığına görə, terrorçu qruplaşmalar bu vizasız tranzit proqramlarından konsul yoxlamasından keçmədən Birləşmiş Ştatlara gəlmək və ya onun hava məkanına daxil olmaq üçün istifadə etməyi planlaşdırırlar. Odur ki, bu tədbirlər ABŞ və digər dövlətlərin vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, onların mümkün terror əməllərindən qorunmasına yönəldilmişdir.
Daxili Təhlükəsizlik Departamenti bütün aviaşirkətlərə təlimat göndərərək, tranzit sərnişinlərin həmin proqramlardan istifadə etməsinə yol verməməyə çağırmışdır. Departament hava limanlarında və bu proqramlardan istifadə edərək sərnişin daşınmaları ilə məşğul olan təyyarələrdə təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirlər də görür. Bunlar 11 sentyabr faciəsindən sonra aviauçuşların təhlükəsizliyi məqsədi ilə edilən dəyişikliklərə əlavə olaraq həyata keçirilir.
Lakin bu qərar ABŞ vətəndaşlarına, habelə viza almaqdan azad edilmiş ölkələrin vətəndaşlarına aid deyildir.