SİYASƏT
ABŞ DÖVLƏT KATİBİ KOLİN PAUELL TÜRKİYƏYƏ GƏLMİŞDİR
Aprelin 1-də gecə ABŞ-ın dövlət katibi Kolin Pauell qısa işgüzar səfərlə Ankaraya gəlmişdir.
AzərTac-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, aprelin 2-də Kolin Pauell Türkiyənin baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül ilə təkbətək görüşdü. Sonra heyətlərarası danışlqlar başladı.
Türkiyənin Prezidenti Əhməd Necdət Sezər ABŞ-ın dövlət katibi Kolin Pauelli Çankaya iqamətgahında qəbul etdi. Görüş zamanı İraq müharibəsi, ümumiyyətlə regiondakı vəziyyət, iki dövlət arasındakı münasibətlər müzakirə olundu.
Daha sonra Amerika heyəti Türkiyənin baş nazirliyinə gəldi. ABŞ-ın dövlət katibi Türkiyəinin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Söhbət zamanı İraq müharibəsi, iki ölkə arasındakı siyasi, hərbi və iqtisadi münasibətlər barədə fikir mübadiləsi aparıldı. Görüşlərdə ABŞ prezidentinin İraq üzrə xüsusi müşaviri Zalmay Xəlilzad və Amerikanın Türkiyədəki səfiri Robert Pirson iştirak etmişlər.
Həmin gün Ankaradakı xarici işlər nazirliyinin iqamətgahında ABŞ-ın dövlət katibi Kolin Pauell ilə Türkiyə baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdilər. Hər iki dövlətin yüksək vəzifəli nümayəndəsi iki ölkə arasındakı tarixi əlaqələri nəzərə çarpdırdı və bu münasibətlərin müvəffəqiyyətlə davam etdiyini bildirdi. ABŞ-ın dövlət katibi Türkiyəni müttəfiq koalisiyanın əhəmiyyətli üzvü kimi qiymətləndirdi. İki ölkə arasındakı strateji əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini vurğuladı.
Jurnalistlərin suallarına cavab verən Kolin Pauell və Abdulla Gül Şimali İraq ilə əlaqədar məsələlərin müzakirə olunduğunu söylədilər. Buradakı əhaliyə qida, tibbi ləvazimat və başqa humanitar yardımların göndərilməsi və hərbi əməliyyatlar nəticəsində yaralanan əsgərlərin Türkiyəyə gətirilməsi məsələlərində anlaşdıqlarını diqqətə çatdırdılar.
Bu məsələlərlə əlaqədar daha dəqiq detallar isə ABŞ-ın dövlət katibi Kolin Pauell və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök ilə görüşü zamanı müəyyənləşdiriləcəkdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara