DÜNYA


ABŞ Daxili Təhlükəsizlik naziri vəzifələrini icra edən Kevin MakAlinan istefa verib

Vaşinqton, 12 oktyabr, AZƏRTAC 

ABŞ Daxili Təhlükəsizlik naziri vəzifələrini icra edən Kevin MakAlinan bu qurumun rəhbəri vəzifəsində cəmi altı ay işləyəndən sonra istefa verib. Kevin MakAlinanın istefaya getməsi barədə Prezident Tramp öz Twitter səhifəsində məlumat verib.

AZƏRTAC xəbər verir ki, Tramp MakAlinanın yaxşı işinə görə ona təşəkkürünü bildirərək deyib: “Hökumətdə uzun illər işləmiş Kevin indi öz ailəsinə daha çox vaxt ayırmaq, özəl sektora keçmək istəyir”.

MakAlinan Tramp administrasiyasında istefaya gedən növbəti yüksəkvəzifəli məmurdur. MakAlinanın istefaya getməsinə səbəb mətbuatda onun işindən narazılıq və administrasiyanın digər vəzifəli şəxsləri ilə münaqişə olması barədə məlumatlar dərc edilməsi olub.

MakAlinan istefa ərizəsində yazıb: “Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə birgə xidmət etmək imkanına görə Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Onun dəstəyi sayəsində son altı ayda biz böyük tərəqqiyə nail olmuşuq”.

Xatırladaq ki, MakAlinan hüquq-mühafizə orqanları sistemində böyük təcrübəyə malikdir. Buş və Obama administrasiyaları dövründə MakAlinan illər boyu ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosunda xidmət edib. Tramp MakAlinanı ABŞ-Meksika sərhədində qeyri-leqal miqrantlar axınının qarşısını almağa cəlb etmişdi.

 

Yusif Babanlı

AZƏRTAC–ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.