SİYASƏT
ABŞ Dövlət Departamentinin diplomatları ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
Vaşinqton, 28 sentyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə böyük direktoru Amanda Slout ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Xovayevlə (Rusiya), həmçinin ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüblər.
AZƏRTAC ABŞ Dövlət Departamentinin bəyanatına istinadla xəbər verir ki, Minsk qrupunun həmsədrləri ötən həftə BMT Baş Assambleyasının kuluarlarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk görüşünün keçirilməsinə kömək etdiklərini müzakirə ediblər. Onlar, həmçinin ötən ilin payızında İkinci Qarabağ müharibəsi zamanı hər iki tərəfdən insanların həlak olması ilə bağlı başsağlığı veriblər. Qeyd olunub ki, yalnız həllini gözləyən bütün məsələləri əhatə edən hərtərəfli nizamlama iki ölkə arasında münasibətləri normallaşdırmağa və region xalqlarının dinc yanaşı yaşamasına imkan verər.
Dövlət Departamentinin nümayəndələri həmsədrlərin səylərini, Azərbaycan və Ermənistanın regionda təhlükəsizliyin təmin edilməsinə, sülhün və tərəqqinin bərqərar olmasına istiqamətlənən birbaşa dialoq vasitəsilə sülh prosesinin bərpasına tərəfdar olmalarını alqışlayıblar. Onlar bəyan ediblər ki, Birləşmiş Ştatlar həllini gözləyən bütün məsələləri, o cümlədən əsirlər, itkin düşənlər və minalardan təmizlənmə ilə bağlı məsələləri nizamlamaqdan ötrü digər həmsədr ölkələr ilə birgə işin davam etdirilməsinə tərəfdardır.
AZƏRTAC-ın Vaşinqton bürosu