SİYASƏT


ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın terrorizmə qarşı mübarizədə xüsusi rolu qeyd edilib

Vaşinqton, 26 iyun, AZƏRTAC

ABŞ Dövlət Departamenti 2019-cu il ərzində terrorizmə qarşı mübarizədə problemlər barədə hesabat dərc edib. AZƏRTAC xəbər verir ki, hesabatda bütün dünyada terrorizmin qarşısının alınması sahəsində ölkələrin fəaliyyəti barədə yenilənmiş məlumatlar yer alıb.

ABŞ xarici siyasət idarəsinin illik məruzəsində vurğulanır ki, ABŞ və onun tərəfdaşları beynəlxalq terror təşkilatlarının məhv olunması və tənəzzülü yolunda mühüm uğurlar əldə ediblər. Bu il mart ayında Birləşmiş Ştatlar və “İŞİD-in darmadağın edilməsi üzrə qlobal koalisiya” İraq və Suriyada “xilafət”in məhv edilməsi prosesini başa çatdırıblar. Hesabatda deyilir ki, oktyabrda Birləşmiş Ştatların başladıqları hərbi əməliyyatlar nəticəsində İŞİD-in qondarma “xəlifə”si Əbu Bəkr əl-Bağdadi öldürülüb.

İŞİD-in öz rəhbərini və ərazisini itirməsinə baxmayaraq, təşkilatın Afrika, Cənubi və Cənub-Şərqi Asiyadakı bölmələri öz fəaliyyətlərini davam etdiriblər. Dövlət Departamentinin terrorizmə qarşı mübarizə və zorakı ekstremizmə müqavimət üzrə Bürosunun nümayəndəsi Neytan Seyls qeyd edib ki, məsələn, İŞİD agentləri tərəfindən Şri-Lankada pasxa günü törədilən terror aktı 250-dən çox günahsız insanın, o cümlədən 5 ABŞ vətəndaşının ölümü ilə nəticələnmişdi. Bu, İŞİD-in fəaliyyətinin bütün tarixi ərzində ən ölümcül hücumlarından biri idi. Daha sonra məruzədə Afrika və Asiyada Əl-Qaidə ilə birbaşa və ya dolayı əlaqəyə malik terror təşkilatlarının getdikcə artan təhlükəsi barədə məlumatlar misal çəkilir. Bu faktları nəzərə alan Birləşmiş Ştatlar terrorizmlə mübarizədə aparıcı rol oynamaqda davam edir, təhlükələrin aradan qaldırılmasına yönəlmiş qəti tədbirlər görür, öz müttəfiqlərini və tərəfdaşlarını terrorizmə qarşı birgə mübarizədə kömək üçün birləşdirir.

Dövlət Departamentinin yuxarıda göstərilən məruzəsində Azərbaycanın terrorizmə qarşı mübarizəyə verdiyi töhfəyə xüsusi yer ayrılıb. Sənəddə deyilir ki, Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşıdır. Azərbaycan rəhbərliyi Cənubi Qafqazda quru və dəniz yolu vasitəsilə insanların, pul vəsaitlərinin və materialların bir yerdən digər yerə daşınması üzrə terrorçuların səylərinin aşkarlanması, qarşısının alınması və dayandırılması istiqamətində fəal iş aparıb. Azərbaycanın hüquq-mühafizə orqanları və xüsusi xidmətləri terror hücumlarının pozulması və qarşısının alınması üzrə əməliyyatlar keçirib, terrorçuluq fəaliyyətində şübhəli bilinənləri tutaraq cinayət məsuliyyətinə cəlb ediblər. Həmçinin Azərbaycan hüdudlarından kənarda terrorçu qruplara qoşulan və xaricdə döyüş əməliyyatlarından sonra ölkəyə qayıdan Azərbaycan vətəndaşları barəsində cinayət işləri qaldırıblar.

Sənəddə beynəlxalq və regional əməkdaşlıq mövzusuna da toxunularaq qeyd edilir ki, Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq strukturların üzvüdür. “Sülh naminə tərəfdaşlıq” alyansı proqramına üzv ölkələrdən biri kimi Azərbaycan, həmçinin NATO-nun əks-terror üzrə təşəbbüsünü dəstəkləməkdə davam edir.

Qeyd olunur ki, Azərbaycan ölkəyə giriş məntəqələrində terrorçuların və cinayətkarların axtarış siyahılarından, həmçinin bioqrafik/biometrik skrininqdən istifadə edib. Məruzə müəllifləri vurğulayırlar ki, hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz aralarında, həmçinin regional və beynəlxalq tərəfdaşları ilə terrorizm məsələləri üzrə məlumat mübadiləsi aparırlar.

Azərbaycan Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) üzvüdür və 2019-cu ildə o, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 2017-2019-cu illər üçün milli fəaliyyət Planı”nın icrasını davam etdirib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin aprelində elan edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə din üzrə tədris kursu işlənib hazırlanacaq və artıq 2020-ci ilin sentyabrında Azərbaycanın dövlət universitetlərinin və orta məktəblərinin proqramına daxil ediləcək. Hesabatda deyilir ki, dövlətin dünyəvi siyasətinin dəstəklənməsinə şərait yaradacaq bu kurs radikal və fundamentalist hərəkatların yayılmasına müqavimət göstərməyə kömək olacaq.

Sirr deyil ki, Azərbaycan regionumuzda terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsində Birləşmiş Ştatların ən mühüm tərəfdaşlarından biridir. Azərbaycan Amerika xalqı üçün çətin vaxtlarda öz köməyini təklif edən ilk dövlətlərdən biri olub. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş verən terror aktlarından dərhal sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyev Birləşmiş Ştatlara terrorizmlə mübarizədə qeyd-şərtsiz dəstək təklif edib. Ermənistan tərəfindən terror və hərbi təcavüzün qurbanı olan Azərbaycan Amerika faciəsinin ağırlığını başa düşürdü və ABŞ-a yardım əlini uzatmağa hazır idi. Vaşinqton Azərbaycan rəhbərliyinin köməyini qəbul etdi və o vaxtdan Əfqanıstandakı missiyası üçün qeyri-döyüş yüklərini daşıyan NATO təyyarələri Azərbaycanın hava məkanı vasitəsilə uçur və Azərbaycanın hava limanlarından istifadə edir. Bundan başqa, Azərbaycan uzun illər İraq və Kosovoda sülhməramlı missiyalarda iştirak edib. Lakin Azərbaycan öz fəaliyyətini təkcə NATO-nun bu regionlardakı müvəqqəti missiyaları ilə məhdudlaşdırmayıb. Amerika və Azərbaycan hüquq-mühafizə orqanları arasında əməkdaşlıq da bu regionda nüvə materiallarının yayılmasının və qaçaqmalçılığının qarşısını alır.

Azərbaycanın region üçün mühüm rolu ABŞ dövlət katibinin qanunvericilik məsələləri üzrə köməkçisi Meri Elizabet Teylorun Azərbaycanda cari ilin mayında keçirilən hərbi təlimlərdən narahat olan ermənipərəst konqresmenlərə ünvanlandığı 23 iyun tarixli cavab məktubunda da vurğulanıb. Xanım Teylor qeyd edir ki, ABŞ Müdafiə Nazirliyinin dəniz və sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan ilə ABŞ tərəfdaşlarının potensialının artırılması proqramı çərçivəsində maliyyələşdirilən əməkdaşlıq proqramları ABŞ-ın, Azərbaycanın və regionda olan digər tərəfdaşların milli maraqlarına cavab verir. Çünki bu sərhədlər terrorçuların, kütləvi qırğın silahlarının, qanunla qadağan edilmiş narkotiklərin və digər qanunsuz daşımaların potensial yerləşdirilməsi üçün ciddi problemdir. O vurğulayıb ki, bu proqramlar Azərbaycanın Qərbin enerji təhlükəsizliyini təmin edən enerji infrastrukturuna olan təhdidlərin qarşısını almaq imkanlarını genişləndirir.

Azərbaycan rəhbərliyinin terrorizmə qarşı mübarizəyə və regionda kritik mühüm təhlükəsizliyin təminatına bağlılığı dəyişməz qalır. Məhz buna görə Birləşmiş Ştatlar Azərbaycan ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verir.

Dövlət Departamentinin terrorizmə qarşı mübarizə problemlərinə dair məruzəsi hər il dərc edilir. 2005-ci ildə bu sənəd 1985-ci ildən “Beynəlxalq terrorizmin xarakteristikası” adı çıxan hesabatı əvəz edib. Hesabat ABŞ Qanunları Məcəlləsinə uyğun olaraq dərc edilir. Məcəlləyə görə, dövlət katibi terrorizm haqqında illik məruzəni Konqresə təqdim etməlidir.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.