DÜNYA
ABŞ ERMƏNİSTANIN BİR SIRA ŞİRKƏTLƏRİNƏ QADAĞALAR QOYACAQ
Mayın 9-da ABŞ Dövlət Departamentində keçirilən brifinqdə mətbuat katibi Riçard Bauçer bildirdmişdir ki, Ermənistan, Moldova və Çinin bir sıra şirkətləri İrana kütləvi qırğın silahlarının istehsalında işlədilən mallar satdığına görə Buş Adminstrasiyası tərəfindən sanksiyalara məruz qalacaq. İki il davam edəcək bu qadağalara görə, həmin şirkətlər ABŞ-ın bütün departamentlərinin və agentliklərinin yardımından məhrum ediləcək, Amerika dövlət təşkilatlarının nümayəndəlikləri ilə heç bir müqavilə bağlamaq iqtidarında olmayacaqlar. Həmin şirkətlər ABŞ-ın yardım proqramlarında iştirak etməyəcəklər. Doğrudur, Sanksiyaların Ermənistan, Moldova və Çin hökumətlərinə bilavasitə təsiri olmayacaq. Lakin adları siyahıya düşən şirkətlərə “Silahların ixracına Nəzarət Aktı” üzrə müdafiə sahəsində istifadə olunan mallar, sursat satılmayacaq və xidmətlər üçün lisenziyalar verilməyəcək.
Dövlət Departamentinin nümayəndəsi bu şirkətlərin İrana mallar ötürməsini kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması haqqinda bir sıra beynəlxalq sazişlərin kobudcasına pozulması kimi dəyərləndirmişdir.
Brifinqdə bu şirkətlərin və onların ixrac etdiyi malların adları açıqlanmayıbdır. Amma bildirilibdir ki, Adminstrasiyanın bu niyyəti artıq konqresə çatdırılmışdır. Sanksiyalar bu günlərdə ABŞ-ın rəsmi qanunları, prezidentin fərmanları çap edilən “Federal Recister” gündəlik toplusunda nəşr ediləcək. Burada şirkətlərin adları sadalanacaqdır. Sanksiyalar Ermənistan, Çin və Moldovanın on dörd şirkətinə aiddir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton