SİYASƏT
ABŞ HƏRBÇİLƏRİ SƏDDAM HÜSEYNİN YEZNƏSİNİ HƏBS ETMİŞLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı məlumatda deyilir ki, ABŞ hərbi qulluqçuları Səddam Hüseynin bacısının ərini – vaxtilə İraq liderinin şəxsi mühafizə xidmətində yüksək vəzifə tutmuş və onun şəxsi vertolyotunun pilotu olmuş general Ərşad Yasini İraqın şimalında həbs etmişlər.
Məlumata görə, o, noyabrın 19-da axşam Kərkük şəhərinin həndəvərindəki kəndlərdən birində yaxalanmışdır. ABŞ-ın hərbi nümayəndələri bu məlumatı rəsmən təsdiq etməmişlər.
Yasin devrilmiş İraq liderinin bacılarından birinin - Samirə Hüseynin əri idi. Ötən əsrin 80-ci illərində Səddamın yaxın adamları sırasına daxil olaraq, yüksək mənsəb qazanmış, lakin bir müddətdən sonra Səddamın gözündən düşərək, siyasi meydandan çıxmışdır.