SİYASƏT
ABŞ HÖKUMƏTİ ANTİTERROR KOALİSİYASINDA AZƏRBAYCANIN ROLUNU YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Jons martın 13-də Konqresin nümayəndələr palatasında ABŞ-Avropa əlaqələri mövzusunda məruzə ilə çıxış etmişdir. Xanım Jons Qafqaz və Mərkəzi Asiya dövlətlərini şərqə doğru genişlənən NATO və Avropa Birliyinin “yeni qonşuları” adlandıraraq demişdir ki, Birləşmiş Ştatlar beynəlxalq terrorizmlə müharibənin ön xəttində yerləşən bu dövlətlərin NATO-ya yaxınlaşması üçün daha çox iş görülməsini istəyir. Bu dövlətləri Avropanın sabit, demokratik və inkişaf edən üzvlərinə çevirmək üçün Avropa Birliyi də burada gedən islahatlara həm siyasi dəstək, həm də maliyyə yardımı göstərməlidir. Dövlət katibinin müavini Azərbaycanın antiterror müharibəsində əhəmiyyətli siyasi və hərbi yardımını, terror qrupları haqda məlumat mübadiləsi və hüquq mühafizə orqanlarının əməkdaşlığı sahəsində gördüyü işləri razılıqla vurğulamışdır.
Elizabet Jons ABŞ-Avropa əlaqələrinin daha bir istiqaməti kimi, Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqlarda vasitəçiliyi nümunə göstərmişdir. Xanım Jons demişdir ki, bu il Ermənistan və Azərbaycanda prezident seçkiləri ili olduğundan, heç bir tərəf siyasi cəhətdən çətin güzəştə getməyə razı deyildir. Buna baxmayaraq, həmsədrlər münaqişənin birdəfəlik həll olunması üçün Ermənistan və Azərbaycan rəhbərliyinin siyasi iradə tapacağına ümid bəsləyir və səylərini davam etdirirlər.
Dövlət katibi müavininin məruzəsi Minsk qrupu həmsədrlərinin ötən həftə Vaşinqtonda yekunlaşan müzakirələrinə təsadüf edir. Həmsədrlər regiona növbəti səfəri aprelin əvvəlinə planlaşdırmışlar. Onlar münaqişənin həllinə dair yeni ideyaları hər iki ölkənin prezidentlərinə bildirəcək, bəyənilərsə, bu ideyaların ətrafında təklif üzərində işləyəcəklər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton