İQTİSADİYYAT
ABŞ HÖKUMƏTİ AZƏRBAYCAN SƏRHƏDLƏRİNİN MÜHAFİZƏSİNƏ 800 MİN DOLLAR AYIRACAQDIR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan-ABŞ əlaqələrindən danışan səfir Rino Harniş yenidən Komitə sədri təyin olunması münasibətilə Kəmaləddin Heydərovu təbrik etmiş, öz ölkəsinin Gömrük Departamentində yüksək vəzifə tutan, Qafqazda və Orta Asiyada gömrük əməkdaşlığının inkişafı ilə məşğul olan cənab Meltonu ona təqdim etmişdir.
Səfir ötən həftə respublikamızın cənub bölgəsinə gedərək gömrük-keçid məntəqəsinə baş çəkdiklərini, ABŞ hökuməti tərəfindən gömrük orqanlarına verilən avadanlığın iş rejimi ilə yaxından tanış olduğunu, orada çalışan gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsindən razı qaldığını bildirmişdir.
ABŞ hökumətinin 2004-cü büdcə ilində ölkəmizin sərhədlərinin mühafizəsi və qorunması məqsədi ilə 800 min dollar vəsait ayrılmasını nəzərdə tutduğunu söyləyən səfir demişdir ki, ABŞ-ın Gömrük Departamenti Azərbaycanın Gömrük Komitəsi ilə əməkdaşlıq etməyə hazırdır və istərdim, bu əməkdaşlıqdan hər iki tərəf faydalansın.
Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov ABŞ ilə Azərbaycan arasında əlaqələrdən danışaraq, məlum 11 sentyabr terror hadisələrindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirmiş, dövlətlərimiz arasında mehriban münasibətlərin gələcəkdə də inkişaf etdirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulamışdır. O, bir neçə il əvvəl ABŞ hökuməti tərəfindən Azərbaycan gömrük orqanlarına hədiyyə olunmuş avadanlıqdan istifadə nəticəsində bir sıra qaçaqmalçılıq faktlarının aşkar olunduğunu və qarşılıqlı əməkdaşlığın ümumi işə müsbət təsir göstərdiyini bildirmişdir.
Görüşdə bir sıra digər məsələlərə də toxunulmuşdur.