ELM VƏ TƏHSİL
ABŞ HÖKUMƏTİ VÜQARIN TƏHSİLİNƏ60 MİN DOLLAR ÖDƏYƏCƏK
Həkim ailəsində doğulub böyümüş Vüqar Ramazanov Mingəçevir şəhər litseyini, Azərbaycan İqtisad Universitetini və bu ali məktəbin magistraturasını əla qiymətlərlə bitirərək, ABŞ-ın İndiana Universitetinin ayırdığı bir yeri tutmaq üçün elan edilmiş müsabiqəni müvəffəqiyyətlə keçərək burada beynəlxalq maliyyə və iqtisadiyyat ixtisası üzrə təhsilini və elmi yaradıcılığını davam etdirmək hüququ qazanmışdır. Onun ingilis dilində yazdığı referat mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. ABŞ hökuməti Vüqarın iki illik təhsili üçün lazım olan 60 min dollar məbləğində vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür.
Mingəçevirdə Vüqar Ramazanovla görüş keçirmiş şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı onu əldə etdiyi uğur münasibətilə mingəçevirlilər adından təbrik etmişdir. Vüqar demokratiyanın, elmi-texniki tərəqqinin beşiyi olan ABŞ-da doğma ölkəmizin şərəfini uca tutacağını söyləmişdir.