SİYASƏT
ABŞ İLƏ SİLAHLI MÜNAQİŞƏ TƏQDİRİNDƏ KXDR NÜVƏ SİLAHINDAN İSTİFADƏ ETMƏYƏ HAZIRDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Şimali Koreya generalı Ri Çan Bok Si-Bi-Es telekanalına müsahibəsində bildirmişdir. O, Cənubi Koreyada, əslində, tamamilə ABŞ hərbçilərindən ibarət olan BMT hərbi kontingentinin komandanlığı ilə danışıqlarda KXDR nümayəndə heyətinə başçılıq edir.
General xəbərdarlıq edərək demişdir: “Əgər ABŞ Şimali Koreyaya hücum etsə, Koreya Xalq Ordusunun döyüşçüləri ölkəmizi qorumaq və amerikalılardan qisas almaq üçün ölümə sinə gərəcəklər. Bizim bundan ötrü nüvə silahımız var”. O, Vaşinqtonu bütün dünyada hökmranlığa can atmaqda da təqsirləndirmişdir və güman edir ki, Pentaqon İraqda hərbi əməliyyatı başa çatdırdıqdan sonra Şimali Koreya ilə müharibəyə başlamağı planlaşdırır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və bir sıra xarici ekspertlərin fikrincə, KXDR-in iki hazır nüvə başlığı və daha bir neçəsini hazırlamaq üçün kifayət qədər plutoniumu ola bilər.