RƏSMİ XRONİKA


ABŞ-IN BRÜSSELDƏKİ TİCARƏT-İNVESTİSİYA MƏRKƏZİNDƏ GÖRÜŞ

Aprelin 23-də Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-ın Brüsseldəki Ticarət-İnvestisiya Mərkəzinə gəldi. Dövlətimizin başçısını ABŞ-ın Belçikadakı səfiri Alan Blinken və mərkəzin rəhbərləri səmimiyyətlə qarşıladılar.

Prezident Heydər Əliyevə məlumat verildi ki, burada Mərkəzi Avropa, Baltik dövlətlərinə və yeni müstəqillik qazanmış dövlətlərə aid biznes informasiyaları toplanır. Mərkəz ABŞ-ın iş adamları ilə həmin dövlətlərin şirkətləri arasında əlaqələr qurmağa xüsusi diqqət yetirir.

İnformasiyaların necə toplanması haqqında görüş iştirakçılarına ətraflı məlumat verildi. Qeyd edildi ki, bu mərkəzə üzv olmaqla, Mərkəzi Avropada, Baltik respublikalarında və yeni müstəqillik qazanmış dövlətlərdə biznesin vəziyyəti haqqında ən son məlumatları 24 saat müddətində almaq mümkündür. Bu mərkəz vasitəsilə ABŞ-ın Azərbaycandakı səfirliyinin və həmin ölkədən respublikamıza gəlmiş nümayəndə heyətinin respublikamız haqqında yazdıqları hesabatlarla da tanış olmaq imkanı vardır. Bu yolla ABŞ-ın hökumət təşkilatları ticarət-inkişaf palataları, xaricdəki özəl investisiya korporasiyaları, idxal-ixrac banklarının çərçivəsində verilən kreditlər və onların şərtləri, sığorta proqramları haqqında sifariş vermək olar. Mərkəzdə Ümumdünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının ilkin sənədlərinin və ayrı-ayrı dövlətlərə ayrılmış kreditlər barədə məlumatlar, Avropa Birliyinin TACİS proqramının yerinə yetirilməsini əks etdirən sənədlər almaq mümkündür.

Verilən məlumatların çox əhəmiyyətli olduğunu bildirən Prezident Heydər Əliyev dedi: Bu mərkəzdə toplanan məlumatlar ABŞ şirkətlərinin, biznesinin, bütün ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərməsi üçün çox faydalıdır. Biz çalışacağıq ki, bu mərkəzin imkanlarından istifadə edək. Azərbaycanın Belçikadakı səfirliyinin mərkəzə abunə yazılması yaxşı haldır. Mən indi göstəriş verirəm ki, səfirliyimiz bu mərkəzlə daha sıx əlaqə saxlasın və respublikamıza lazımi məlumatlar göndərsin. Ümidvar olduğumu bildirmək istəyirəm ki, ABŞ biznesmenləri bu mərkəz vasitəsilə Azərbaycanla əlaqələri daha da gücləndirəcəklər.

Görüşdə respublikanın Baş naziri Fuad Quliyev, xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycanın Belçikadakı səfiri Mirhəmzə Əfəndiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin