DÜNYA
ABŞ-IN CƏNUBUNDA TÜĞYAN EDƏN “İVAN” QASIRĞASI NƏTİCƏSİNDƏ AZI 12 NƏFƏR HƏLAK OLMUŞDUR
Təbii fəlakət nəticəsində atıq azı 12 nəfər həlak olmuşdur. Qasırğa ilə gələn leysan yağışı Meksika körfəzi boyu ərazidə daşqınlar təhlükəsi yaradır. Sürəti saatda 200 kilometrə çatan güclü külək evlərin damını qoparır, elektrik xətlərini qırır. Nəticədə Alabama, Luiziana, Missisipi və Florida ştatlarında yüz minlərlə ailə işıqsız qalmışdır.
Sinoptiklərin proqnozlarına görə, qasırğa zamanı 35 santimetrədək yağıntı ola bilər. ABŞ sahillərini dolaşan “İvan” qasırğası nəticəsində dalğaların hündürlüyü bəzən 5 metrdən çox olmuşdur ki, bu da düzən bölgələri su basması təhlükəsi yaratmışdır.
Dəniz səviyyəsindən aşağıda yerləşən 1,2 milyonluq Yeni Orlean şəhərinin (Luiziana ştatı) vəziyyəti daha təhlükəlidir. Şəhərin meri sakinlərə evlərini tərk etməyi məsləhət görmüşdür. Dörd cənub-şərq ştatının hakimiyyət orqanları 2 milyondan çox əhalinin evakuasiya olunacağını elan etmişlər.
Karib dənizi regionu dövlətlərinin bir çoxu artıq “İvan” qasırğasından zərər çəkmişdir. Burada təxminən 70 nəfər həlak olmuş, yüz milyonlarla dollarlıq iqtisadi ziyan dəymişdir.