SİYASƏT
ABŞ-IN DÖVLƏT KATİBİ SURİYAYA VƏ İRANA XƏBƏRDARLIQ ETMİŞDİR
İTAR-TASS Agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərə görə, ABŞ-ın dövlət katibi Kolin Pauell Suriya və İranın adlarını Amerikanın mənafelərinin əleyhinə zidd siyasət aparan ölkələr sırasında çəkmişdir. Onun sözlərinə görə, lakin bu, həmin ölkələrin də İraqın aqibəti ilə üzləşəcəyi demək deyildir.
K.Pauell “Los-Anceles tayms” qəzetinə müsahibəsində demişdir: “Biz hesab edirik ki, Suriya, İran və bütün bu kimi ölkələr başa düşməlidirlər ki, kütləvi qırğın silahları əldə etmək cəhdləri, terrorizmi dəstəkləmək onların mənafelərinə uyğun deyildir”. ABŞ xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, yeni əsrdə, xüsusilə 2001-ci il 11 sentyabr terror aktlarından sonra dünya məhz bu təhlükələrlə üz-üzədir. Dövlət katibi prezident C.Buşun mövqeyinə istinad edərək vurğulamışdır: “Siz başa düşməlisiniz ki, bu cür hərəkətlər ağır nəticələrə gətirib çıxara bilər”. K.Pauell demişdir: “Lakin hərbi qüvvə tətbiq edilməsi yeganə vasitə deyildir. Bizim qarşılaşdığımız meydan oxumalara cavab vermək üsullarımız çoxdur”.