DÜNYA
ABŞ-IN MÜDAFİƏ NAZİRİNİN ÖZBƏKİSTANA VƏ QAZAXISTANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
D.Ramsfeld Özbəkistan prezidenti İslam Kərimovla görüşündə deyilmişdir ki, iki ölkə arasında ictimai, siyasi və iqtisadi sahədə əlaqələr getdikcə inkişaf edir. Tərəflər beynəlxalq terrorizmə, narkotiklərin və silahların qaçaqmalçılığına, ekstremizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə sahəsində səmərəli əməkdaşlıq edirlər. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq isə regional təhlükəsizlik və sabitliyin qarantıdır.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin Əfqanıstanda vəziyyətə dair fikir mübadiləsi aparılmışdır.
X X X
ABŞ-ın müdafiə naziri Almatıda Qazaxıstanın baş naziri Danial Əhmədov, xarici işlər naziri Kasımcomərd Tokayev və müdafiə naziri Muxtar Altınbəyevlə görüşmüşdür. Danışıqlar zamanı D.Ramsfeld Qazaxıstanın Əfqanıstanda və İraqda antiterror əməliyyatlarına münasibətini müsbət qiymətləndirmişdir.
D.Ramsfeld qeyd etmişdir ki, Qazaxıstanla ABŞ, əsasən, narkotrafik qaçaqmalçılığa qarşı mübarizədə və Xəzər regionunda təhlükəsizlik məsələlərində əməkdaşlıq edəcəkdir. Çünki Xəzər regionunda təhlükəsizlik təkcə Qazaxıstan üçün yox, bütün dünya üçün mühüm amildir.
Bu məqsədlərə nail olmaq üçün ABŞ artıq yaxın zamanlarda Qazaxıstana 12 milyard dollar sərmayə qoyacaqdır.