SİYASƏT
ABŞ-IN MÜDAFİƏ NAZİRİ GÜRCÜSTANIN YENİ RƏHBƏRLİYİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Donald Ramsfeld bu ölkəyə gəldikdən dərhal sonra Tbilisinin yaxınlığındakı tədris mərkəzinə getmişdir. Bu mərkəzdə amerikalı hərbçilər gürcü komandosları batalyonuna təlim keçirlər. Gürcüstanın müdafiə naziri David Tevzadze də qonaqla birgə mərkəzdə olmuşdur. ABŞ hökumətinin Gürcüstan silahlı qüvvələri üçün həyata keçirdiyi “Təlim keç və təchiz et” proqramı çərçivəsində ABŞ təlimatçıları 4 belə batalyon hazırlayırlar. Üç seçmə batalyon artıq hazırdır.
D.Ramsfeld sonra Dövlət dəftərxanasına gedərək, prezidentin vəzifələrini icra edən Nino Burcanadze, dövlət naziri Zurab Jvaniya, “Milli hərəkat” və “Burcanadze-demokratlar” bloklarından prezidentliyə vahid namizəd Mixail Saakaşvili ilə görüşmüşdür.