ABŞ KONQRESİNDƏ XOCALI SOYQIRIMI QEYD EDİLDİ
AzerTAg.az
Fevralin 26-da xalqımızın tarixinin ən faciəli səhifələrindən biri sayılan Xocalı soyqırımının on ili tamam olur. Amerikanın Azərbaycan cəmiyyəti təqvimin bu qara gününü Konqresdə tədbir keçirərək, faciə haqqında həqiqəti yaymaqla qeyd etmişdir.
Cəmiyyətin prezidenti Tomris Azəri tədbiri açaraq dedi ki, Xocalıda erməni və rus hərbçiləri tərəfindən həyata keçirilən qırğın erməni şovinizminin əsl simasını dünyaya nümayiş etdirdi. Lakin üstündən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu qanlı faciə haqqında əsl həqiqəti bilmir.
Sonra o, sözü Amerika jurnalisti Tomas Qoltsa verdi. Xatırladaq ki, həmin müdhiş fevral gecəsindən qalan acı xatirələrini “Azərbaycan gündəliyi” adlı kitabında əks etdirən Tomas Qolts hadisələr baş verəndən dərhal sonra əsl həqiqəti dünyaya çatdıran azsaylı adamlardan biri olmuşdur.
Çıxışına “elə əvvəlcədən deyim ki, mən nə Azərbaycan hökumətinin, nə də neft maraqlarını güdənlərin xahişini yerinə yetirirəm” sözləri ilə başlayan cənab Qolds Xocalı soyqırımı haqqında yazdıqlarını öz gözləri ilə gördüyünü vurğuladı. Bir gecədə min nəfərə yaxın adamın gülləbaran edilərək qətlə yetirilməsini görünməmiş vəhşilik və etnik təmizləmə adlandıran jurnalist faciə haqqında faktların heç bir beynəlxalq təşkilat tərəfindən bu günədək araşdırılmadığını təəssüflə qeyd etdi.
Qanlı faciədən dərhal sonra hər iki tərəf baş verənləri inkar edirdi: Mütəllibov hökuməti hər şeyin “normal” olduğu, ermənilər isə qırğının azərbaycanlıların özləri tərəfindən həyata keçirildiyini deyirdilər. Ermənilərin bu iddiasını ağlasığmaz uydurma adlandıran Tomas Qolts bunu Dünya Ticarət Mərkəzindəki terror aktlarını amerikalıların özləri tərəfindən həyata keçirildiyi barədə bəzi Yaxın Şərq mənbələrinin cəfəngiyatı ilə müqayisə etdi. Sumqayıt hadisələrinin ildönümünə təsadüf edən Xocalı qırğınının Qarabağdan “Azərbaycan” izini silmək istəyən ermənilər tərəfindən törədildiyini bir daha vurğulayan jurnalist bildirdi ki, zəbt edilməmiş Xocalının mövcudluğu Xankəndiyə və Şuşaya strateji cəhətdən təhlükə olduğunu düşünən ermənilərə sərf etmirdi.
Bəs dünya nə üçün susurdu? ABŞ-ın Bakıdakı səfirliyi yalnız martın 17-də açılacaqdı. Fevralın 26-da baş verənləri Vaşinqtona çatdıran yeganə rəsmi mənbə Moskvadakı səfirlik idi. O da məlumat qıtlığı və rəsmi Bakının baş verənləri gizlətmək cəhdləri ilə qarşılaşırdı. “Mənim xarici mətbuata göndərdiyim xəbərlərə şübhə ilə yanaşırdılar. Heç kim inana bilmirdi ki, bir gecədə həlak olanların sayı münaqişə qurbanlarının o günə qədərki rəsmi sayını üstələyə bilər”- deyən Tomas Qolts həqiqətin ilk günlər türk mətbuatına çıxsa da, dünya mətbuatına çətinliklə yol açdığını xatırlatdı.
Kitabından Xocalı hadisələri haqqında parçaları tədbir iştirakçılarının diqqətinə çatdıran Tomas Qolts, o dəhşətli hadisələri yaddaşında daim saxlayacağını təkrarladı. Bölgədə baş verənləri yaxından izləyən Amerika jurnalisti çıxışından sonra çoxsaylı suallara cavab verdi.
Konqresdəki toplantıda ABŞ-ın dövlət agentliklərinin nümayəndələri, Vaşinqtondakı diplomatik korpusun təmsilçiləri, jurnalistlər, Azərbaycan və türk icmasının üzvləri iştirak edirdilər. Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən tədbir iştirakçılarına “Nələr görmüş gözlər: Azərbaycanda qaçqın uşaqlar” adlı kitab paylanıldı.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Xəbərin mətnində orfoqrafik səhv var