SİYASƏT
ABŞ KONQRESİNİN 46 ÜZVÜ DAĞLIQ QARABAĞIN “FAKTİKİ MÜSTƏQİL” OLDUĞUNU BƏYAN ETMİŞDİR
Oktyabrın 24-də ABŞ Konqresinin 46 üzvü “Dağlıq Qarabağ Respublikası”nın Prezidenti Arkadi Qukasyanın ünvanına məktub göndərərək, onu prezident seçkiləri”ndə mühüm qələbə qazanması münasibətilə təbrik etmişlər. Həmin məktubun tam mətnini dərc edirik.
“Hörmətli Prezident Qukasyan, 2002-ci il avqustun 11-də Dağlıq Qarabağda prezident seçkilərində mühüm qələbəniz münasibətilə sizi təbrik etmək istəyirik. Biz, hökumətinizin seçkilər prosesini necə təşkil etməsini də hərarətlə alqışlayırıq. İtaliya, Rusiya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardan olan müşahidəçilər yekdilliklə qeyd etmişlər ki, seçki prosesi demokratik normalara müvafiq surətdə keçmişdir. Səsvermənin gedişində heç bir pozuntu, saxtalaşdırma və ya seçicilərə təzyiq göstərilməsi halları aşkara çıxarılmamışdır. Seçkilərin bu cür dəqiq təşkili və demokratik dəyərlərə ciddi sadiqlik çox ümid verir və digər keçmiş sovet respublikaları üçün gözəl nümunədir. Bu seçkilər Dağlıq Qarabağ Respublikasının (DQR) faktiki müstəqilliyini aşkar şəkildə nəzərə çarpdırır. Bizə məlumdur ki, ötən on bir ildə DQR-də həm prezident seçkiləri, həm də parlament seçkiləri və yerli özünüidarə orqanlarına seçkilər keçirilmişdir. Seçilmiş rəhbərlik ona tapşırılmış rolu yerinə yetirərək, konstitusiya qanunları yaratmış, əsas sosial xidmətləri təmin etmiş və ordunu öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına səfərbər etmişdir. Ölkənin seçilmiş hakimiyyət orqanları tərəfindən idarə olunması ənənəsi on ildən çox müddətdə mövcud olsa da, beynəlxalq birlik Dağlıq Qarabağ Respublikasını rəsmən tanımaqdan imtina edir və təəssüf ki, iş o yerə gəlib çatıb ki, bu yaxınlardakı seçkiləri hələ keçirilməzdən xeyli əvvəl etibarsız hesab etmişdir. Biz Con Hartlandın (Seçkilərin öyrənilməsi mərkəzi, Paris), Luçiano Ardezinin (“Comparative Legal İnternazionale”, Roma), Valeri Spektorun (Milli təhlükəsizlik məsələləri üzrə beynəlxalq akademiya, Moskva) və Sergey Filatovun (Sosial-iqtisadi və intellektual proqramlar fondu, Moskva) hesabatı ilə razıyıq. Həmin hesabatda deyilir: “Söhbət əraziyə tarixən bağlı olan xalqın hüququndan gedir”. Onların “...öz həyatını demokratiya əsasında, mötəbər orqanlar və seçilmiş rəhbərlik vasitəsilə təşkil etməyə” ixtiyarı vardır. Bu hesabat aşağıdakı fakti təsdiq edir: “Əgər nizamasalma prosesində beynəlxalq birlik hesab etsə ki, Dağlıq Qarabağ xalqı həmin ərazi barəsində bu prinsiplərə hörmət etmək iqtidarında olmayan dövlətin yurisdiksiyasındadır, onda bu dövlət həmin xalq qarşısında onun, heç olmasa, öz müqəddəratını təyin etmək hüququnu tanımaq barədə mənəvi öhdəlik daşıyır”. Biz inanırıq ki, Qarabağ münaqişəsinə son qoymağa və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi ilə aparılan sülh danışıqlarında olduqca səmərəli fəaliyyəti davam etdirməyə məhz seçilmiş rəhbərlik qadirdir. Azad və şəffaf seçkilər vətəndaş cəmiyyətinin inkişafı üçün zəruri amildir. Beynəlxalq müşahidəçilərin və müşahidəçi konqresmenlərin 2002-ci il 11 avqust seçkilərinin şəffaf və azad keçirildiyini təsdiqləyən hesabatları sizin xeyrinizədir. Biz sizi qələbə, ölkənizi isə tarixi və uğurlu seçkilər keçirilməsi münsibətilə bir daha təbrik edirik”.