DÜNYA


ABŞ Konqresi odlu silah satışına nəzarətin gücləndirilməsi haqqında qanun layihəsini qəbul edib

Vaşinqton, 25 iyun, AZƏRTAC

Cümə günü ABŞ Nümayəndələr Palatası odlu silah satışına nəzarətin gücləndirilməsi haqqında daha əvvəl Senat tərəfindən qəbul edilmiş qanun layihəsini bəyənib.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Buffalo və Uvalda şəhərlərində baş vermiş kütləvi güllələmələrdən sonra hazırlanmış qanun layihəsi Nyu-York ştatında silah gəzdirməyə icazə verilməsi və gizli şəkildə silah gəzdirmək hüquqlarının genişləndirilməsi haqqında qanunun cümə axşamı Ali Məhkəmə tərəfindən ləğv olunması fonunda qəbul edilib.

Konqresdə mahiyyət etibarilə hər iki palata tərəfindən dəstəklənmiş bu sənəd silah satışına nəzarətin gücləndirilməsi haqqında təqribən 30 il ərzində ABŞ Ali qanunvericilik orqanı tərəfindən qəbul edilmiş ilk geniş əhatəli qanundur.

Qanun layihəsi Senatda müzakirə edilərkən 65 senator onun “lehinə”, 33 senator “əleyhinə” səs verib. Qanun layihəsi qanun qəbul edilərkən Senatda azlığın lideri, Kentukki ştatından olan respublikaçı Mitç MakKonnell və Respublikaçılar partiyasından olan digər 14 senator demokratları dəstəkləyiblər.

Nümayəndələr Palatasında 234 qanunverici, o cümlədən səsvermədə iştirak edən demokratların hamısı və ABŞ Konqresində “silahlı lobbi”nin mənafelərini ənənəvi olaraq dəstəkləyən 14 respublikaçı sənədin lehinə səs verib.

Qanun layihəsində silah alıcılarının, o cümlədən onların psixi sağlamlığı baxımından yoxlanılmasına dair tələblərin genişləndirilməsi nəzərdə tutulur. Sənədə əsasən, ştatların məhkəmələri tərəfindən təhlükəli hesab edilən insanların əlində olan silahın müvəqqəti götürülməsinə imkan verən qərarlar qəbul edilməsi təşviq olunur. Bundan əlavə, silah almağa icazəsi olmayan şəxslər tərəfindən silah alınmasına görə, eləcə də silahla qeyri-qanuni rəftar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Eyni zamanda, vətəndaşların psixi sağlamlığının qorunması, zorakılığın qarşısının alınması, habelə məktəblərdə təhlükəsizlik proqramı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Sənəd ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanmaq üçün Ağ evə daxil olacaq.

AZƏRTAC –ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.