DÜNYA
ABŞ Konqresinin Nümayəndələr Palatası büdcə layihəsini təsdiqləyib
Bakı, 4 yanvar, AZƏRTAC
Yanvarın 3-də yeni heyətlə işə başlayan və hazırda Demokratlar Partiyasının nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyinin, sentyabrın 30-dək isə digər qurumların maliyyələşməsi üzrə iki qanun layihəsini təsdiq edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Amerika-Meksika sərhədində səddin maliyyələşməsini nəzərdə tutmur.
Bir qədər öncə ABŞ Prezidenti Donald Tramp səddin tikintisinin nəzərdə tutulmadığı istənilən sənədə veto qoyacağını bildirmişdi. Bundan əlavə, yeni çağırışda da respublikaçıların nəzarətində qalan ABŞ Konqresi Senatının rəhbərliyi belə qanun layihəsini hətta səsverməyə çıxarmayacağını elan etmişdi. Buna görə də hər iki qanun layihəsinin yanvarın 4-də Senatdan keçməyəcəyi gözlənilir.
Xatırladaq ki, maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisi üçün 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Demokratlar isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.