DÜNYA
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə hücum ediblər
Vaşinqton, 29 oktyabr, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi hücuma məruz qalıb.
AZƏRTAC Nensi Pelosinin nümayəndəsinin bəyanatına istinadla xəbər verir ki, cinayətkar Nümayəndələr Palatasının spikerini tapmaq məqsədilə onların evinə soxulub.
San-Fransisko polis idarəsi tərəfindən keçirilmiş mətbuat konfransında bildirilib ki, hücum edən şəxsin 42 yaşlı Devid Depap olması müəyyən edilib. Serjant Uilyam Skottun sözlərinə görə, Depapın əlində çəkic olub. 82 yaşlı Pol Pelosi ona müqavimət göstərib, hücum edən şəxs isə “Nensi haradadır? Nensi haradadır?” deyə Pol Pelosidən israrla soruşub:
Polisin məlumatında bildirilir ki, hücum edən şəxs Pelosilərin San-Fransiskodakı evinə cümə günü səhər daxil olub.
ABŞ kütləvi informasiya vasitələrində verilən məlumata görə, Depap San-Fransisko dairə həbsxanasında saxlanılır. O, qətl törətməyə qəsd, ölümcül silah tətbiq etməklə hücum, yaşlı insanlarla qəddar davranış, qarət və “bir neçə başqa cinayət” törətməkdə ittiham edilir.
Hücumun motivləri ABŞ Kapitolisi və San-Fransisko polisi, həmçinin Federal Təhqiqat Bürosu tərəfindən araşdırılır. Polisdə bildirilib ki, yüngül xəsarət almış Pol Pelosi hazırda xəstəxanadadır və onun tezliklə tam sağalacağı gözlənilir.
AZƏRTAC–ın Vaşinqton bürosu