DÜNYA
ABŞ Koreya yarımadasında təlimlərin dayandırılmasını bu gün rəsmən elan edəcək
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ hökuməti iyunun 14-dən gec olmayaraq Cənubi Koreya ilə birgə hərbi təlimlərin dayandırılmasını rəsmən elan edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika administrasiyasında olan mənbə bildirib. Onun sözlərinə görə, müvafiq məsələ barədə bəyanat Vaşinqton tərəfdən yaxın zamanlarda səsləndirilə bilər. Burada söhbət “Ulchi Freedom Guardian” manevrlərindən gedir.
“Fox News” telekanalında yer alan informasiyaya görə isə KXDR gələn il nüvəsizləşdirmə istiqamətində yetərli addımlar atmasa, Vaşinqton Koreya yarımadasında hərbi təlimləri bərpa edəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda baş tutan sammitdə birgə sənəd imzalayıblar. ABŞ tərəfdən təhlükəsizlik zəmanətinin əvəzinə Pxenyan üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə öhdəlik götürüb. Bundan başqa, Tramp yarımadada Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmağı vəd edib.