İDMAN
ABŞ MİLLİ OLİMPİYA KOMİTƏSİ TƏKZİB EDİR
ABŞ yığmasının Afina Olimpiadasına getməyəcəyi barədə şayiələr ölkə idmançılarının özlərinin söylədikləri fikirlərlə qızışdırılır. Məsələn, tennisçi qız Serena Uilyams demişdir ki, şəxsən özü üçün təhlükə olduğunu hiss etsə, Afinaya getməyəcək, çünki “öz həyatı ona hər şeydən əzizdir”. “Gedək, ya getməyək?” – bu məsələ yığma basketbol komandasında xüsusilə ciddi müzakirə olunur. Oyunçulardan biri – Jermen O”Nil bunu belə izah etmişdir: “Hər gün televizoru açdıqda, terrorçuların daha mükəmməl, daha dəhşətli üsullara əl atdıqlarını görürsən”.
Lakin əfsanəvi üzgüçü, 1972-ci il Münxen Olimpiadasında 7 qızıl medal qazanmış Mark Spitsin fikri daha böyük əks-səda doğurmuşdur. O, müsahibələrinin birində bildirmişdir: “Son vaxtlar baş verən beynəlxalq hadisələri nəzərə alsaq, görərik ki, amerikalıların Afinaya getməkdən imtina etməsi ehtimalı azalmayacaq, əksinə artacaqdır”.