DÜNYA


ABŞ Macarıstana təzyiq edir, Macarıstan isə ikili standartları pisləyir

Budapeşt, 8 dekabr, AZƏRTAC 

ABŞ-ın energetika naziri Rik Perri Macarıstan hökumətini başqa layihələr üçün Rusiya enerjisindən imtina etməyə çağırıb. ABŞ-ın bu addımları Macarıstan mətbuatında təzyiq kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Bertalan Havaşinin verdiyi məlumata görə, V. Orban və R.Perri ilə görüşündə Mərkəzi Avropanın energetika problemlərini, habelə Macarıstan ilə ABŞ arasında ikitərəfli əlaqələri müzakirə edib. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Rusiya qazından imtina etmək deyil, əksinə, enerji təchizatını şaxələndirmək istər Macarıstanın, istərsə də Mərkəzi Avropanın fundamental maraqlarına cavab verərdi.

R.Perri deyib ki, Vaşinqton Mərkəzi Avropada Rusiya qaz kəmərinin tikintisi əleyhinədir və o, Macarıstanın layihədə iştirak etməsini istəmir. Bazarın sürətlə inkişaf etdiyini bildirən R. Perri enerji təchizatının şaxələndirilməsi ilə yanaşı, sıxılmış təbii qaz infrastrukturu qurmağı tövsiyə edib.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto məlumat verib ki, Xorvatiyanın Krk adasında sıxılmış təbii qaz terminalı, habelə Qara dənizdə qaz yataqları Macarıstan üçün həll yolu ola bilər. Bununla belə, Krk adasından sıxılmış təbii qaz almaq hazırda baha çox başa gələcək, Qara dənizdəki ehtiyatlara yol tapmaq isə investisiya qərarları ilə şərtlənir.

Nazir əlavə edib ki, ənənəvi enerji mənbələri Macarıstan üçün əhəmiyyətlidir. Amma o, gileylənib ki, Mərkəzi Avropa Rusiyadan qaz idxal etdiyinə görə hesabat verməli olduğu bir vaxtda, Qərbi Avropa Moskva ilə böyük enerji sazişi hazırlayır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.