DÜNYA
ABŞ Misirə bir milyard dollar dəyərində 10 helikopter satacaq
Qahirə, 28 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş “AH-64E Apache” hücum helikopteri, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini tədarük etmək barədə qərar qəbul edib.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi yayıb.
Bildirilir ki, bu qərar Yaxın Şərqdə strateji tərəfdaşın təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, Misir Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə mövcud çoxməqsədli hücum helikopterlər parkını genişləndirmək niyyətindədir. Həmçinin vurğulanır ki, bu saziş regionda hərbi balansı dəyişməyəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə