SİYASƏT
ABŞ PREZİDENTİ AZƏRBAYCANA YENİ SƏFİR TƏYİN EDİR
Azərbaycana yeni səfir təyin edilməsi barədə fevralın 10-da ABŞ Prezidenti Corc Buşun bəyanatı dərc olunmuşdur.
Dövlət departamentindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, Azərbaycana təyin olunacaq yeni səfir ABŞ-ın Kosovo və Priştinadakı diplomatik missiyasının keçmiş rəhbəri Reno Harnişdir.
Reno Harniş 1996-1999-cu illərdə İsveçdə ABŞ səfirinin müavini olmuş, 1999-cu ilin sentyabrından 2002-ci ilədək Qahirədəki ABŞ diplomatik missiyası başçısının müavini işləmiş, Misir hökuməti ilə birlikdə İsrail-Fələstin münaqişəsinin nizama salınması üçün böyük səy göstərmişdir.
ABŞ diplomatı Mərkəzi Asiyada siyasi və iqtisadi inkişaf proqramları üzərində işləmiş, Tacikistanda vətəndaş müharibəsinin qarşısının alınmasında fəal rol oynamışdır. O, həmçinin Romada elm və texnologiya məsələləri üzrə müşavir, Berlində və Vyanada iqtisadi məsələlər üzrə məsləhətçi işləmişdir. ABŞ-ın Azərbaycandakı yeni səfiri San-Diyeqo Universitetini bitirmiş, Amerika Universitetində magistr dərəcəsi almışdır.