DÜNYA
ABŞ Prezidenti 1,8 trilyon dollarlıq sosial stimullaşdırma paketini təqdim edib
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden Konqres qarşısında çıxış edərkən Amerika ailələrinə dəstək üçün nəzərdə tutulan və ümumi həcmi 1,8 trilyon dollar olan yeni stimullaşdırma paketini təqdim edib.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, stimullaşdırma paketi 10 il ərzində bir trilyon dollarlıq xərcləri, həmçinin ümumi həcmi 800 milyard dollara çatan vergi güzəştlərini nəzərdə tutur.
Təkliflər təhsil proqramları ilə yanaşı, aşağı və ya orta gəlirli ailələrin sosial təminatına aiddir. Cozef Bayden xəstə uşaqlara və ya yaşlılara qayğı göstərmək üçün ümummilli məzuniyyət ödəmələri proqramını həyata keçirməyi də təklif edir.
Ağ ev administrasiyası sosial proqramlar üçün vəsaiti varlı amerikalıların gəlir vergisini 37 faizdən 39,6 faizə qaldıraraq toplamağı düşünür. Bundan başqa, ABŞ Prezidenti kapital qazancı və dividendi 1 milyon dolları keçən şəxslərin vergisini iki dəfə (20 faizdən 39.6 faizədək) artırmaq təklifini irəli sürüb. İnvestisiyalardan gələn gəlir vergisinin hazırda qüvvədə olan 3.8 faizlik artımı nəzərə alınmaqla, varlı amerikalılar üçün vergi dərəcəsi 23.8 faizdən 43.4 faizə çatdırılacaq.
Co Baydenin planı, həmçinin aşağı və orta gəlirli insanlar üçün vergilərin azaldılmasını, o cümlədən bəzi vergi güzəştlərinin daimi əsasda uzadılmasını ehtiva edir.