SİYASƏT
ABŞ QOŞUNLARI BAĞDADDA PREZİDENT SARAYINI TUTMUŞLAR
İTAR-TASS agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərə görə, ABŞ qoşunlarının sürətli hücumu nəticəsində Səddam Hüseynin Bağdadın mərkəzindəki saraylarından ən azı biri tutulmuşdur.
ABŞ qoşunları aviasiyanın köməyi ilə bazar ertəsi səhər hücuma keçmişdir. Qətərin “Əl-Cəzirə” peyk telekanalı ABŞ-ın İraq paytaxtının mərkəzinə desant çıxarması və 65 tankın buraya girməsi barədə məlumat vermişdir.
İlkin məlumatlara görə, hücum edənlərə qeyri-mütəşəkkil və zəif müqavimət göstərilir, tanklara qumbaraatanlardan və atıcı silahlardan atəş açılır.
Birləşmiş Ştatların hərbi mənbələri iddia edirlər ki, koalisiya qüvvələri aprelin 7-də səhər Bağdada gedən bütün yolları və körpüləri nəzarətə götürərək, İraq paytaxtının mühasirəsini başa çatdırmışlar. Bağdadın beynəlxalq hava limanı zonasında 7 minə yaxın ABŞ əsgəri toplanmışdır. Yaponiyanın Kiodo Susin informasiya agentliyi xəbər verir ki, ABŞ hərbi hava qüvvələrinin bazar günü hava limanına enmiş ilk C-130 yük təyyarəsindən sonra buraya xeyli təyyarə gəlməkdə davam edir. Lakin ABŞ-ın 3-cü piyada diviziyası birinci briqadasının komandiri polkovnik Qrimsli (onun bölmələri hava limanını və İraq paytaxtının qərb rayonlarını nəzarətdə saxlayırlar) bildirmişdir ki, Bağdad-Kərkük şose yolu hələ də İraq ordusunun nəzarəti altındadır və “onu tutmaq lazım gələcəkdir”.
İraq tərəfinin məlumatına görə, indiyədək ABŞ bombardmanları nəticəsində 1250 dinc sakin həlak olmuş, 5100 nəfər isə yaralanmışdır. Dünya Səhiyyə Təşkilatının nümayəndələri xəbərdarlıq edirlər ki, suyun, elektrik enerjisinin və dava-dərmanın olmaması, kanalizasiya sistemlərinin dağılması üzündən artıq yaxın günlərdə İraqda yoluxucu xəstəliklər epidemiyası yayıla bilər.
Yaponiya hökuməti müharibə qurbanlarının daha da artmasına yol verməmək üçün İraq rəhbərliyini mümkün qədər tez təslim olmağa çağırmışdır. Nazirlər Kabinetinin baş katibi Yasuo Fukuda bəyan etmişdir ki, İraq qüvvələri yaranmış vəziyyəti nəzərə alaraq tezliklə belə bir qərara gəlməlidirlər.