SİYASƏT
ABŞ SƏFİRİNİN AZƏRBAYCANIN CƏNUB BÖLGƏSİNƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məktəbdə görüşdən sonra qonaqlar Lənkəran rayonunun Xanbulan kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Arıçı” fermer təsərrüfatının işi ilə yaxından tanış olmuşlar.
Günortadan sonra səfir Rino Harniş və onu müşayiət edən şəxslər Astara rayonuna gəlmişlər.
Qonaqlar yolüstü Astara rayonunun Ərçivan kəndindəki “Yanar bulaq” kompleksinə baş çəkmiş, burada görülən yenidənqurma işləri ilə tanış olmuşlar. Yanan sudan içən cənab səfir bunu təbiətin möcüzəsi adlandırmışdır.
Səfir R.Harniş Astara Rayon İcra Hakimiyyətində mehribanlıqla qarşılanmışdır. Rayon icra hakimiyyətinin başçısı Oqtay Abbasov rayonun iqtisadi, sosial və mədəni sahələrdə qazandığı uğurlar barədə səfirə məlumat vermişdir.
Amerikalı diplomat çıxış edərək gəlişinin məqsədini açıqlamış, Astaranın gözəl təbiətə malik olduğunu, burada turizmin inkişafı üçün real imkanlar olduğunu vurğulamışdır. O, cənub bölgəsinə gəlişindən razı qaldığını bildirmişdir.
Həmin gün qonaqlar Astara gömrükxanasının və sərhəd buraxılış məntəqəsinin işi ilə də tanış olmuşlar.
ABŞ səfirinin səfər proqramına daxil olan son görüşü Lənkəran Televiziyasında olmuşdur.
Bununla da ABŞ səfirinin cənub bölgəsinə səfəri başa çatmışdır.