DÜNYA
ABŞ Senatı Azadlıq Gününü ABŞ-da federal bayram elan edib
Vaşinqton, 17 iyun, AZƏRTAC
ABŞ-da hər il iyunun 19-da qeyd edilən “Juneteenth” və ya belə adlandırılan “Azadlıq Günü” Birləşmiş Ştatlarda köləliyə həqiqətən son qoyulması deməkdir.
AZƏRTAC xəbər verir ki, bu həftə ABŞ Senatı həmin günün federal bayram elan edilməsi haqqında qanunu yekdilliklə qəbul edib.
1865-ci il aprel ayında ABŞ-da Vətəndaş müharibəsi başa çatandan sonra, iyunun 19-da İttifaq ordusunun generalı Qordon Qreyncer Texas ştatında köləliyin ləğv olunduğunu elan edib. Bu hadisə emansipasiya (asılılıqdan azadlıq) elan olunandan təqribən iki il sonra baş verib. İndiyə qədər bu bayram 47 ştatda və Kolumbiya dairəsində qeyd olunurdu, indi isə milli səviyyədə qeyd ediləcək.
Senatda çoxluq təşkil edən demokratların lideri Çak Şumer belə bir qanun qəbul edilməsi təklifini irəli sürüb və senatorlardan heç biri buna etiraz etməyib. Keçən il bu qanun layihəsinin qəbul edilməsinə imkan verməmiş senator Ron Conson iyunun 15-də öz etirazını geri götürüb. Conson bu barədə bəyanatında deyib: “Çox qəribədir, indi vergi ödəyiciləri köləliyə son qoyulmasını bayram etmək üçün federal qulluqçulara ödənişli məzuniyyət verməlidirlər, lakin aydındır ki, Konqres bu məsələnin müzakirəsini davam etdirmək istəmir. Buna görə mən etiraz etməyə hazırlaşmıram”.
Qanun layihəsi Senatdan Nümayəndələr Palatasına daxil olacaq. Burada qəbul ediləcəyi halda sənəd Bayden tərəfindən imzalanacaq və iyunun 19-u ABŞ-da 11-ci federal bayram olacaq.
Xatırladaq ki, senator Con Korni və Nümayəndələr Palatasının Texasdan olan üzvü Şeyla Cekson bu qanun layihəsini ilk dəfə keçən il yayda, Corc Floydun qətlə yetirilməsinə qarşı etiraz aksiyalarından sonra təklif etmişdi.
AZƏRTAC-ın Vaşinqton bürosu