DÜNYA


ABŞ “Şimal axını-2” layihəsinin iştirakçılarına sanksiyalar tətbiq edə bilər

Bakı, 9 yanvar, AZƏRTAC

ABŞ hökuməti “Şimal axını-2” layihəsində iştirak edən şirkətlərə sanksiyalar tətbiq edə bilər. Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenell bəyan edib ki, bu layihəni icra edən Avropa şirkətləri təhlükə altındadır, çünki Vaşinqton istənilən vaxt bu addımı ata bilər.

AZƏRTAC xəbər verir ki, alman “Handelsblatt” qəzetinin yazdığına görə, Vaşinqton Baltik dənizi ilə boru kəmərinin çəkilməsini həyata keçirən iki şirkətə sanksiya tətbiq etməyə hazırlaşır. Almaniya federal hökumətindəki mənbələrdən qəzetə məlumat veriblər ki, İsveçrənin “Allseas Group” və İtaliyanın “Saipem” şirkətləri Ağ evin sanksiyasına məruz qala bilərlər.

Boru kəmərinin tikintisinin 90 faizini həyata keçirən “Saipem” şirkətinin sözçüsü bildirib ki, italyan firması artıq öz üzərinə götürdüyü işləri yerinə yetirib və sanksiya barədə şayiələr tamamilə əsassızdır. İsveçrə şirkətindən isə ABŞ-ın Almaniyadakı səfirinin bəyanatını şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdır. Boru xətti ilə Rusiyanın Almaniyaya təbii qaz ixracı ildə 110 milyard kubmetri keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.