DÜNYA
ABŞ VƏ BÖYÜK BRİTANİYA İRAQA DAİR QƏTNAMƏNİN ÜÇÜNCÜ VARİANTINI TƏQDİM ETMİŞLƏR
İyunun 30-da suveren İraq hökumətinin yaradılmasını bəyənən layihədə ölkədəki çoxmillətli qüvvələrin mandatının 2005-ci il dekabrın 31-dək, Konstitusiya yolu ilə seçilmiş hökumət hakimiyyətə gələnədək bitəcəyi nəzərdə tutulur. Sənəddə deyilir ki, İraqın suveren hökuməti xahiş edərsə, BMT Təhlükəsizlik Şurası çomillətli qüvvələrin mandatına son qoya bilər.
Layihəyə əsasən, qətnamə qəbul edildikdən sonra ABŞ hər rübdə çoxmillətli qüvvələrin fəaliyyəti və statusu barədə BMT Təhlükəsizlik Şurası qarşısında hesabat verməlidir.
Layihə Təhlükəsizlik Şurasına rəsmən iyunun 7-də təqdim olunacaq və iyunun 8-də səsə qoyula bilər. Təhlükəsizlik Şurasının üzvləri İraqa dair qətnamə layihəsi üzrə qapalı məsləhətləşmələri BMT baş katibinin Nyu-Yorkdakı şəhərkənarı iqamətgahında iki gün davam etdirəcəklər.
Müzakirələrdə baş katibin Bağdaddan yenicə qayıtmış xüsusi müşaviri Ləhdar Brahiminin də iştrak edəcəyi gözlənilir.