REGİONLAR
ABŞ VƏ KANADA MÜTƏXƏSSİSLƏRİ DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ YENİ AVADANLIQ VƏ TEXNOLOGİYALARI TƏQDİM ETMİŞLƏR
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 14-də qurumda Amerika Birləşmiş Ştatlarının “Magellan” şirkətinin Rusiyadakı distribütoru “İntertal” Qapalı Səhmdar Cəmiyyətinin və Kanadanın “Nov Atel” şirkətinin nümayəndələri tərəfindən kartoqrafiya və geodeziya sahəsində peyk vasitəsilə yönəldilən yeni avadanlığın və texnologiyaların təqdimatı keçirilmişdir.
Komitənin sədri Qərib Məmmədov bildirmişdir ki, qurum öz fəaliyyətində daim qabaqcıl texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. Qısa müddət ərzində torpaq islahatının birinci mərhələsinin başa çatdırılmasında da müasir texnologiyalar və avadanlıqlar böyük rol oynamışdır. Məlum olduğu kimi, kadastr işlərində yüksək dəqiqliyin təmin olunması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının təminatlı şəkildə qorunmasına xidmət edir. Ona görə də ölçmə işlərinin həyata keçirilməsində müasir geodeziya cihazlarından istifadə olunması zəruri şərtlərdən biridir. Lakin müasir texnologiya və avadanlıqlar ildən-ilə yeniləşir və müasirləşir. Bu səbəbdən texnoloji inkişafı izləmək və yeniliklərindən istifadə etmək lazım gəlir. Təsadüfi deyildir ki, Komitə daim yeni texnika və texnologiyaların öyrənilməsi, iş prosesində tətbiq edilməsi üçün dünyanın qabaqcıl müəssisələri ilə əməkdaşlıq edir.
Təqdimat mərasimində peyk naviqasiya sistemlərinin müasir iş prinsipləri haqqında məruzələr dinlənilmiş, geodeziya, kadastr və daşınmaz əmlak sahəsində ən yeni texnika və texnologiyaların istifadə olunması, yeni nəsil aparatlar və texnologiya ilə daşınmaz əmlakın, o cümlədən torpaqların inventarlaşdırılması məsələlərinə dair təcrübə mübadiləsi aparılmışdır.
Tədbirdə komitənin mütəxəssisləri ilə yanaşı, Torpaq Kadastrı, Monitorinqi və Elm İstehsalat Mərkəzinin, Aerogeodeziya müəssisəsinin, Bakı kartoqrafiya fabrikinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Bakı Dövlət Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər.