DÜNYA
ABŞ ağır vəziyyətdə olan xəstələrin daşınması üçün Latviyaya izolyasiya kapsulları bağışlayıb
Riqa, 23 mart, AZƏRTAC
ABŞ-ın Latviyadakı səfiri Con Karvayl Latviya hökumətinə xəstələrin daşınması üçün iki ədəd birnəfərlik izolyasiya kapsulu hədiyyə edib. Latviya səhiyyə naziri Daniel Pavlyuts ölkəsi adından hədiyyəni qəbul edib.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, ölkənin Dövlət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti (NMPD) izolyasiya kapsullarından vəziyyəti ağır olan COVID-19 xəstələrinə xüsusi tibbi yardım lazım olduqda onları yüksək səviyyəli xəstəxanalara çatdırmaq məqsədilə istifadə edəcək.
ABŞ səfirliyinin “Delfi” portalına verilən məlumatında bildirilib ki, kapsullar tibb işçilərini virusa yoluxmadan qorumaqla yanaşı, xəstəyə, eyni zamanda, tibbi yardım göstərməyə imkan verir.
Bildirilib ki, layihə ABŞ-ın Latviyadakı səfirliyinin Müdafiə Əməkdaşlığı üzrə Bürosunun, Latviya Səhiyyə Nazirliyinin və NMPD ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa