CƏMİYYƏT
ABŞ alimləri QİÇS-in müalicəsinin yeni metodunu hazırlayıblar
Bakı, 9 aprel, AZƏRTAC
ABŞ alimləri QİÇS-in müalicəsində kompleks immun terapiyası tətbiq edilməklə yeni metod hazırlayıblar. Bu üsul təkcə xəstənin immun sistemində gizli şəkildə olan virusun aşkar edilməsini deyil, həmçinin onun birdəfəlik məhv edilməsini təmin edir. Alimlərin yeni metodu QİÇS-ı qarşı vaksin hazırlanmasında ilk addımdır.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Pittsburq Universitetinin alimlərinin apardığı eksperimentin nəticələri aprelin əvvəlində “EBioMedicine” nəşrində dərc olunub.
Bu metodun yaradılmasında əsas vasitə tamamilə başqa virusun - sitomeqalovirusun müəyyən edilməsi üçün nəzərdə tutulan immun hüceyrələri olub. Müalicə metodunun effektivliyini təsdiq etmək məqsədilə hələ klinik tədqiqatlar aparılmalıdır, lakin alimlər hesab edirlər ki, onların hazırladıqları metod gələcəkdə antiretrovirus terapiyası preparatlarının daimi qəbulunu lüzumsuz edəcək vaksinin yaradılmasına kömək edəcək.
Müasir yüksək intensivliyi olan antiretrovirus terapiyası immun çatışmazlığına effektiv təsir edir, lakin onun bir sıra yan təsirləri də var. Bu preparatlardan imtina isə QİÇS-in yenidən baş qaldırmasına səbəb olur. İmmun çatışmazlığı virusunun uzunömürlü olması QİÇS-in yüksək mutagen qabiliyyəti ilə bağlıdır. O, aktiv olmayan və latent vəziyyətlərə keçə bilir. Bunun baş verməsi halında virus DNT immun hüceyrələrinə daxil olur və orada pasiyentin antiretrovirus terapiyası preparatlarından istifadə etdiyi müddətdə gizlənir.
Tədqiqatın müəlliflərindən biri Robbi Mayyard bununla əlaqədar deyib: “Bir çox alimlər QİÇS-in müalicəsi metodlarını hazırlamağa cəhd edirlər və onların hamısı virusu “tapmaq və məhv etmək prinsipinə söykənir”. Hazırda virusun effektiv məhvi istiqamətində bir neçə ümidverici terapiya metodları hazırlanır, amma əsas hədəf onun gizləndiyi hüceyrələrin aşkar edilməsidir”.
Mayyard və onun həmkarları latent formaya keçə bilən başqa virusun davranış qaydalarını öyrənməyə qərar veriblər. Söhbət göz xəstəliyi və digər ağır fəsadlar tərədə bilən, lakin adətən immun sistemi tərəfindən yaxşı nəzarət olunan sitomeqalovirusdan gedir. Planetin yaşlı əhalisinin 50 faizə yaxını onun daşıyıcısıdır, QİÇS xəstələrinin isə 95 faizi bu virusa yoluxub.