DÜNYA
ABŞ-da 12 yaşlı oğlan qanunsuz saxlanılan silahdan təsadüfən özünə atəş açıb
Vaşinqton, 16 aprel, AZƏRTAC
Nyu-York ştatının Yonkers şəhərində 12 yaşlı oğlan qonşuda tapdığı silahdan təsadüfən özünə atəş açıb.
AZƏRTAC Yonkers şəhər polisinin məlumatına istinadla xəbər verir ki, oğlan aprelin 14-də qonşularının evinə gedib, orada bir tapança tapıb və təsadüfən iki dəfə silahın tətiyini çəkib. Atəş nəticəsində birinci güllə pəncərəyə, ikincisi isə oğlanın başına dəyib. Hadisə yerinə gələn “911” xilasetmə xidmətinin əməkdaşları uşağı yataq otağında, çoxlu qan itirmiş vəziyyətdə tapıblar. Oğlan dərhal xəstəxanaya çatdırılıb, hazırda reanimasiya şöbəsindədir.
Həkimlər uşağın odlu silahdan atəş nəticəsində sağ gicgahından yaralandığını bildiriblər. Onlar xəstənin sağalacağına şübhə edirlər. Polis, öz növbəsində, insidentin baş verdiyi yerdə qanunsuz saxlanılan 25 kalibrli doldurulmuş tapança aşkar edildiyini bildirib. İstintaq silahın kimə məxsus olması və oğlanın əlinə necə düşməsi barədə hələ ki, heç bir məlumat verməyib.
ABŞ-da valideynlərin odlu silahla məsuliyyətsiz davranması nəticəsində hər il yüzlərlə uşaq həlak olur. Hüquq-mühafizə orqanları silahın bağlı seyflərdə və ya uşaqların əli çatmadığı yerlərdə saxlamağın vacib olması barədə xəbərdarlıq edirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton