İQTİSADİYYAT
“Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor tərəfdaşlığı” mövzusunda konfrans keçirilib
Vaşinqton, 22 yanvar, AZƏRTAC
ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyası (USAID/Azərbaycan) “Azərbaycanda kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor tərəfdaşlığı” mövzusunda silsilə seminarlara başlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-də keçirilmiş birinci seminarın natiqləri İslam İnkişaf Bankının alternativ inkişaf maliyyələşdirilməsi üzrə baş mütəxəssisi Fuad Hüseynov, Dentons hüquq şirkətinin Bakı və Praqa ofislərinin məsləhətçisi Sona Tağıyeva və kənd təsərrüfatının inkişafı sahəsində 20 ildən artıq beynəlxalq təcrübəyə malik olan Patrik Labaste olub. Görüş ticarət palatasının icraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə reallaşıb.
Birinci seminarda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, eləcə də kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor tərəfdaşlığı mexanizmi, hüquqi və praktiki tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. Bu əməkdaşlıq formatında tərəflərin daşıdığı məsuliyyət və münasibətlərin idarə olunması, habelə beynəlxalq təcrübə haqqında danışılıb.
İngilis və Azərbaycan dillərində keçirilmiş seminara 70-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, kiçik və orta sahibkarlar, ali təhsil və texniki peşə məktəblərinin nümayəndələri və s. qatılıblar.
AZƏRTAC-ın Vaşinqton bürosu